Pezeşkiyan ABŞ ilə nüvə danışıqlarına başlamaq barədə göstəriş verdi

1 saat əvvəl 1 dəq oxu
Pezeşkiyan ABŞ ilə nüvə danışıqlarına başlamaq barədə göstəriş verdi


İran hökumətindəki mötəbər mənbə təhlükəsizlik qurumlarına bağlı "Fars" xəbər agentliyinə bildirib ki, Prezident Məsud Pezeşkiyan ABŞ ilə nüvə danışıqlarına başlamaq barədə rəsmi göstəriş verib.

Araz News-un "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, İran və ABŞ indiyədək beş mərhələdən ibarət dolayı nüvə danışıqları keçiriblər. Mənbə qeyd edib ki, Tehran və Vaşinqton arasında planlaşdırılan müzakirələr yalnız nüvə mövzusu çərçivəsində aparılacaq və gündəliyə başqa heç bir məsələ daxil edilməyəcək.

Eyni zamanda, ABŞ-ın "Axios" xəbər saytı Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof ilə İranın xarici işlər naziri Abbas İraqçı arasında gələn həftə Ankarada görüşün keçirilə biləcəyi barədə məlumat yayıb. Lakin "Fars" agentliyi öz xəbərində bu danışıqların birbaşa (üz-üzə) və ya vasitəçilər vasitəsilə aparılacağı barədə dəqiq məlumat verməyib.

Xatırladaq ki, Türkiyə, Misir və Qətər regionda hərbi gərginliyi azaltmaq üçün tərəflər arasında birbaşa dialoqun qurulması istiqamətində diplomatik səylərini davam etdirirlər.