İran İslam Respublikasının parlamenti (Məclis) noyabrın 25-də, çərşənbə günü «xaricilərin nüfuzuna qarşı mübarizə» adlanan 33 maddəlik layihənin müzakirəsini başa çatdırıb və onu qəbul edib. Layihə vətəndaşların təhsil və mədəni fəaliyyətlərinə, eləcə də beynəlxalq əlaqələrinə geniş məhdudiyyətlər tətbiq edir.
Tasnim xəbər agentliyinin məlumatına görə, layihənin 28-ci maddəsi İran daxilində və xaricində əyani və ya virtual formatda təhsil dərslərinin, seminarların və konfransların keçirilməsini və təşkilini cəzalandırır. Hakimiyyətin «xarici agent» adlandırdığı şəxslər belə tədbirləri dəstəkləsə və ya onlara rəhbərlik etsə, tədbirlər də icazə alınmadan keçirilsə, təşkilatçılar 2 ildən çox, 5 ilədək həbs cəzası alacaq.
Layihə hətta İslam Respublikasının Nazirlər Kabinetinin də etirazı ilə üzləşib. Hökumət daha əvvəl layihənin elmi fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıracağı və beyin axınını gücləndirəcəyi barədə xəbərdarlıq etmişdi. Məclisin qəbul etdiyi qərar hazırda Konstitusiya Keşikçiləri Şurasının baxışını gözləyir.