Suriyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Olabi İsrailin ölkəsinin ərazisinə davam edən hücumlarını pisləyib. O, bu hücumların dərhal dayandırılmasını və İsrail qoşunlarının Suriyanın işğal olunmuş bütün ərazilərindən tamamilə çıxarılmasını tələb edib.
Olabi BMT Baş Assambleyasının hüquqi məsələlərə baxan Altıncı Komitəsində çıxış edib. O bildirib ki, İsrailin addımları Suriya hökumətinin təhlükəsizliyi və sabitliyi bərpa etmək, eləcə də terrorizmlə mübarizə aparmaq səylərini zəiflədir. Onun sözlərinə görə, bu addımlar terrorizmin yayılmasına zəmin yarada bilər. Olabi vurğulayıb ki, ekstremizmlə mübarizə üçün təhlükəsizlik tədbirlərindən əlavə, ədalət, iqtisadi bərpa və dövlətlə cəmiyyət arasında etimadın gücləndirilməsi də lazımdır.
Suriya nümayəndəsi həmçinin Suriya və İsrail qüvvələrinin ayrılması haqqında 1974-cü il sazişinə tam əməl olunmasına və BMT-nin müvafiq qətnamələrinin icrasına çağırıb. Bu açıqlamalar İsrail qüvvələrinin son günlərdə Suriyanın cənubundakı bəzi ərazilərə, o cümlədən Quneytra ətrafına dəfələrlə daxil olduğu vaxtda səslənib.