Yəmən hökumət qüvvələri şənbə günü ölkənin döyüş təyyarələrinin husilərin nəzarətində olan paytaxt Sənada bu qruplaşmaya məxsus bir sıra hərbi hədəfləri vurduğunu açıqlayıb.
Yəmən hökumətinin silahlı qüvvələrinin sözçüsü Macid ən-Nəzili bildirib ki, bu zərbələr «həyati əhəmiyyətli və legitim hərbi hədəflərə» qarşı endirilib. O əlavə edib ki, ordu husilərin nəzarətində olan ərazilərin dərinliyində strateji və dəqiq əməliyyatlar həyata keçirmək imkanına malikdir. Yerli mənbələr zərbələrin Nəhdeyn və Cəbəl Əttan ərazilərinə dəydiyini xəbər verib. Əl-Hafa düşərgəsinin də hədəfə alındığı barədə məlumatlar yayılıb.
Bu hücumlar Taizdə toqquşmaların gərginləşdiyi vaxta təsadüf edib. Yəmən hökumət qüvvələri bu gün həmin vilayətin bir neçə cəbhəsində şiddətli döyüşlərin davam etdiyini və husilərin mövqelərinə və qüvvələrinə qarşı onlarla əməliyyat keçirildiyini bildirib. Həmçinin hökumət qüvvələri Taizin cənub-şərqində yerləşən «Hisn Sami» qalasını husilərlə toqquşmadan sonra nəzarətə götürdüklərini açıqlayıb.