Prostat xərçəngi dünyada kişilər arasında ən geniş yayılmış ikinci xərçəng növü, xərçəngdən ölümün isə beşinci əsas səbəbidir. Bu xəstəlik 40 yaşdan aşağı kişilərdə nadir hallarda müşahidə edilir, lakin 55 yaşdan sonra xəstəliyə tutulma riski əhəmiyyətli dərəcədə artır.
Yüksək yaş, irsi yüklülük, siqaret çəkmə vərdişi və qeyri-düzgün qidalanma ən mühüm risk amilləri sırasında yer alır. Tədqiqatlar göstərir ki, siqaret çəkən kişilərdə xəstəliyə tutulma ehtimalı digərlərinə nisbətən iki dəfəyə qədər yüksəkdir.
Narahatedici cəhət odur ki, bu xərçəng ilkin mərhələlərdə adətən heç bir əlamət vermir və səssizcə inkişaf edir. PSA qan testi və DRE müayinəsi erkən aşkarlamanın ən sadə yollarıdır; şübhə yarandığı halda isə USM, MRT və toxuma biopsiyası qəti diaqnoz qoymağa imkan verir.