Birləşmiş Ərəb Əmirlikləri çərşənbə axşamı OPEK və OPEK+ təşkilatlarından çıxacağını açıqlayıb.
ArazNews-un Reuters-ə istinadən məlumatına görə, BƏƏ-nin enerji rəsmiləri bildirib ki, bu qərar ölkəyə daha çox çeviklik qazandıracaq, çünki artıq təşkilat qarşısında öhdəlikləri olmayacaq. Qeyd olunub ki, bu addım öncədən digər üzvlərlə, o cümlədən Səudiyyə Ərəbistanı ilə məsləhətləşilmədən atılıb.
Müşahidəçilər hesab edir ki, bu qərar neft ixrac edən bu iki quruma və onların əsas lideri sayılan Səudiyyə Ərəbistanına ciddi zərbədir. Bu isə İranla bağlı müharibənin enerji bazarlarında tarixi sarsıntı yaratdığı və qlobal iqtisadi qeyri-sabitliyin artdığı bir dövrə təsadüf edir.
Eyni zamanda, BƏƏ-nin OPEK-dən çıxması ABŞ prezidenti Donald Tramp üçün mühüm siyasi uğur kimi qiymətləndirilir. Tramp daha əvvəl bu təşkilatı neft qiymətlərini yüksək saxlamaqla “dünyadan sui-istifadə etməkdə” ittiham etmişdi.