ABŞ İran və Çində internet senzurasını aşmaq üçün yeni platforma təqdim edir
ABŞ Dövlət Departamenti yaxın vaxtlarda Freedom.gov adlı yeni tətbiqi istifadəyə verəcəyini açıqlayıb. Bu tətbiq İran və Çin kimi ölkələrdə istifadəçilərin senzurasız internetə çıxışını təmin etməyi hədəfləyir.
Yaxın həftələrdə yayımlanacaq proqram kompüter və mobil telefonlar üçün “bir kliklə” işləyən tətbiq kimi təqdim ediləcək.
ArazNews-un Fox News-a istinadən verdiyi məlumata görə, amerikalı rəsmilər bildirib ki, tətbiq açıq mənbəli olacaq və anonimlik xüsusiyyətləri ilə hazırlanıb. Dövlət Departamentinin bir rəsmisinin sözlərinə görə, proqram IP ünvanı, sessiya məlumatları, brauzer fəaliyyəti, DNS sorğuları və ya cihaz identifikatoru kimi heç bir məlumatı qeyd etməyəcək və hətta ABŞ hökumətinin belə istifadəçiləri izləmək imkanı olmayacaq.
Layihə avtoritar hökumətlərin internet nəzarətini gücləndirdiyi bir dövrdə təqdim olunur. Çinin “Böyük Sədd firewall” sistemindən tutmuş, İranda geniş internet kəsintiləri və filtrasiya siyasətinə qədər bu nəzarət artmaqdadır. ABŞ rəsmiləri bu təşəbbüsü filtr və nəzarət altında yaşayan istifadəçilərə “azad internet modeli” təqdim etmək cəhdi kimi qiymətləndirir.
Son illərdə İran İslam Respublikası etirazlar zamanı interneti dəfələrlə geniş miqyasda kəsib və hətta Starlink peyk internet avadanlıqlarından istifadəni cinayət sayıb.