Türk və ərəb fəalların İrandakı repressiyalara etirazı; İsveçin Göteborq şəhərində keçirilən “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyasından hesabat
Bir qrup türk və ərəb fəal, eləcə də vətəndaşlar şənbə günü, 24 yanvar tarixində, soyuq və qarlı havaya baxmayaraq, İsveçin Göteborq şəhərində “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı altında etiraz aksiyası keçiriblər.
“Araz News”un məlumatına görə, aksiya iştirakçıları milli mübarizə bayraqlarını dalğalandıraraq azadlıq, ədalət və öz müqəddəratını təyini hüququnu dəstəkləyən şüarlar səsləndirib, İrandakı repressiyalara və millətlərin hüquqlarının pozulmasına etirazlarını bildiriblər. Tədbirdə həmçinin, aralarında Yürüş Mehrəlibəylinin də olduğu azərbaycanlı siyasi məhbusların fotoşəkilləri və adları əks olunmuş bannerlər daşınıb.
Etiraz aksiyası saat 11:45-də Göteborq şəhərinin “Qustav Adolf” meydanında başlayıb. İştirakçılar saat 12:30-da həmin meydandan “Saluhallen”in qarşısındakı “Kopparmärra” meydanına doğru yürüş ediblər. Etiraz proqramı saat 13:30-da başa çatıb.